Vərəsəlik nədir və vərəsəlik nə zaman yaranır, kimlər vərəsə ola bilərlər, vərəsəlik hansı qaydada həyata keçirilir.

Vərəsəliyin anlayışı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsində qeyd olunmuşdur. Ölmüş şəxsin (yəni miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Bu da ona gətirib çıxarır ki, vəsiyyətnamə üzrə vərəsəlik üstün hüquqi qüvvəyə malikdir.

Vərəsəlik mirasın açılması zamanı, yəni fiziki şəxsin ölümü yəni mirasqoyanın öldüyü gün və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi yəni mirasqoyanın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi zamanı yaranır.

Miras qoyanın mülkiyyətində olan əmlak vərəsəlik qaydasında qanun üzrə və ya vəsiyyət üzrə vərəsələlər keçə bilər.

Qanun üzrə vərəsələr kimlər ola bilərlər

  • miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər,
  • miras qoyanın ölümündən sonra doğulmuş uşaqları

Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər.

Vəsiyyət üzrə vərəsələr kimlər ola bilər

  • miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər,
  • miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq vərəsə ola bilərlər.

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.