Hörmətli oxucular!
Məqaləmi Ümummilli lider Heydər Əliyevin uşaqlar barədə söylədiyi sözləri ilə başlamaq istərdim. Uşaqlara qayğı, hər bir vətəndaşın borcudur.
İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaqlar ailənin bir hissəsi olduğu kimi, dövlətin də bir hissəsidir. Tarix boyu bəşəriyyət uşaqların hüquqlarının qorunmasında böyük səylər göstərmişdir. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Tarixə nəzər salsaq görərik ki, uşaqların hüquqlarını təsdiq edən ilk məcburi qüvvəyə malik beynəlxalq sənəd 1924-cü ildə Millətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət qəbul olunmuş bəyannamədir. Bu sənəd “Cenevrə Bəyannaməsi” adlanır. Həmin bəyənnamədə deyilirdi ki, “bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı nemətlərlə təmin etsin”. Bəyənnamənin qəbul edilməsində ilk təşəbbüs Eglantyne Djebb tərəfindən edilmişdir. Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, Eglantyne Djebb müharibənin dəhşətlərindən sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduqlarını anlayır və 1919-cu ildə bacısı Doroti Bakstonun köməyi ilə uşaqlara yardım etmək, onların müdafiəsini təmin etmək məqsədilə Londonda “Uşaqlara Yardım Fondu”-nu təsis edir.Bundan sonra 1959-cu ildə BMT Baş Məclisi tərəfindən “Uşaq Hüquqları Bəyannaməsi” qəbul edildi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi, dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası” oldu. Bu Konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası həmin Konvensiyanı 1992-ci ildə ratifikasiya etmişdir. Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər.
Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çalışır. Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi vəfiziki şəxslərin vəzifələrini özündə əks etdirən “Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Qeyd olunan qanuna əsasən uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda uşaqların bir sıra geniş hüquqları əks olunmuşdur. Beləki bütün uşaqlar bərabər hüquqlara malikdir. Nikahdan və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır.Valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüquqi vardır.
Alkoqol və tütün məmulatlarının uşaqlara satılması, əmək şəraiti ağır, zərərli olan iş yerlərində, o cümlədən yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən yerlərdə eləcə də spirtli içkilərin, tütünməmulatlarının istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı və uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədəbilən digər işlərdə uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Uşaqlarla bağlı iş sahəsində dövlət siyasətini və tənzimlənməsi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Dövlət siyasəti milli və yerli xüsusiyyətlər nəzərə alınmaqla yaradılmış məqsədli uşaq sosial proqramları əsasında həyata keçirilir. Komitə tərəfindən sosial proqramların layihələrinə rəy və təkliflərin verilməsi, həmçinin Dövlət Proqramlarının icra edilməsi, uşaq hüquqlarının təmin olunma səviyyəsinin öyrənilməsi məqsədilə mütəmadi olaraq tədqiqatların aparılması, uşaq problemlərinin ayrı-ayrı sahələri üzrə ictimai maarifləndirmə kampaniyalarının təşkil edilməsi, sosial çarxlar, buklet və digər təbliğat vasitələrinin hazırlanmasını həyata keçirir. 1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən hər il iyun ayının 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. Hər il Respublikamızda iyun ayının 1-i bu bayram böyük coşqu və həvəslə qeyd olunur. Bu bayramın keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaxından iştirak edir.
Cəmiyyətin həssas və kövrək zümrəsi kimi həmişə yüksək qayğı və nəvazişlə əhatə olunan uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişdirilməsi zərurəti müasir dövrdə hər bir dövlətin üzərinə uşaq hüquqlarının müdafiəsi ilə bağlı yeni vəzifələr qoyur. İnsan hüquqlarını demokratik inkişafın ayrılmaz hissəsi, bəşəriyyətin ədalətli cəmiyyətə qarışmaq idealının ali təzahürü, vətəndaş cəmiyyətinin yetkinliyinin əsas meyarı kimi qəbul edən hər bir dövlət sağlam gələcəyi naminə körpələrin sağlam sosial-mənəvi mühitdə böyüməsinə çalışır.
Dövlətin hüquq sisteminin əsasını təşkil edən konstitusiya və qanunlarla uşaq huquqlarına etibarlı təminat mexanizmlərinin yaradılması isə, ilk növbədə, onların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkilini nəzərdə tutur.
Sonda məqaləmi məhşur rus yazıçısı Fyodor Dostayevskinin sözlər ilə bitirmək istəyirəm. Uşaqlarsız, bəşəriyyəti belə sevmək olmazdı.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Vüqar Cavadov