Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165-ci maddəsində iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi qaydaları qeyd olunmuşdur.
1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə AR ƏM-in 165-ci maddəsinin 1-ci hissəsində göstərilənlərdən daha yüksək məbləğdə işçilərə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. Belə ki, AR ƏM-in 31-ci maddəsinin 3-cü hissəsinin tələbinə görə müəssisənin iqtisadi inkişafı nəzərə alınmaqla işçilərə verilən əmək haqqı, mükafat və digər ödənc məbləğləri kollektiv müqaviləyə daxil etmək şərtilə artırıla bilər Ona görə də iş vaxtından artıq vaxt ərzində görülən işə görə əlavə məbləğlərin müəyyən olunaraq kollektiv müqaviləyə daxil edilməsi işçilərin sosial mənafelərinə tam uyğun dur.
ƏM-nin 31.3-cü bəndində qeyd olunmuşdur ki, Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.
Əgər işçi iş vaxtından sonra işəgötürənin göstərişi olmadan qalıb işləyərsə, bu iş vaxtından artıq vaxtda görülən iş hesab olunmur. Əgər işçi işəgötürənin əmri (sərəncam, qərarı) əsasında iş vaxtı qurtardıqdan sonra əlavə işə cəlb olunarsa, bu iş vaxtından artıq görülən iş hesab olunur.
İş vaxtından artıq vaxtda görülən işə görə işçiyə əmək haqqı adi iş günlərində olduğundan fərqli olaraq daha yüksək məbləğlərin ödənilməsilə həyata həyata keçirilir. Ona görə də bununla bağlı yaranan digər məsələlərin hüquqi tənzimlənməsi baxımından iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. Bu qadağa şərh edilən maddənin 3-cü hissəsinin ən mühüm tələbidir.
Əgər işəgötürən tərəfindən, iş vaxtından artıq işlədiyinə görə işçiyə əlavə haqq ödənilməmişdirsə bu barədə Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqana işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Burada işə bərpa tələbi ilə əlaqədar olmayan, lakin maddi tələblərlə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət etmə müddəti göstərilmişdir. Maddənin məzmunundan da göründüyü kimi, pul və digər əmlak tələbləri ilə əlaqədar, eləcə də maddi və mənəvi ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən1 il ərzində məhkəməyə müraciət edə bilər. Müddətin ötürülməsi məhkəmədə işin müvəffəqiyyətli həllinə mane ola bilər.
Hüquqlarınızın müdafiəsi üçün vaxtında peşəkar vəkillərə müraciət edin.
Hörmətlə
Vüqar Cavadov
Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının üzvü, Vəkil