Arvadın (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi

Salam hörmətli oxucular,

Bugünki mövzumuz arvadın (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi edilməsi barədədir.

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinə əsasən Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

Həmin maddənin tələbinə əsasən mirasın açılmasından yəni, ər və ya arvadın vəfat etdiyi ildən azı üçün il əvvəkl nikah münasibətlərinin faktiki xitamından bəhs edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin tələbləri ər və arvadın ayrı yaşadığı hallarda vərəsəlikdən məhrumetməni nəzərdə tutur. Digər tərəfdən ərin nikah münasibətlərinə xitam verildiyi göstərilən üç ildən az olmayan müddət ərzində bir-birindən ayrı yaşamaları tələb olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarında əks olunan hüquqi mövqeyə əsasən nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1164-cü maddəsinin məzmununa uyğun olaraq, sağ qalmış ərin (arvadın) vərəsəlik hüququ olmayan şəxs hesab edilməsi üçün məhkəmə tərəfindən aşağıdakı halların məcmusu təsdiq edilməlidir:

– tərəflərin ailə münasibətlərinə faktiki xitam verilməsi;

– ər-arvadın ayrı yaşamaları;

– qeyd edilən halların mirasın açılmasından azı üç il əvvəl baş verməsi.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhz göstərilən hallar hüquqi tərkib əmələ gətirərək rəsmi nikahda olmalarına baxmayaraq, ərin (arvadın) vərəsəlik hüququndan məhrum edilməsi üçün əsas ola bilər. Bu baxımdan məhkəmələr tərəfindən ərin (arvadın) nikaha faktiki xitam verilməsi səbəbindən qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsinə dair işlərə baxılarkən Mülki Məcəllənin 1164-cü maddəsində nəzərdə tutulmuş halların mövcud olub-olmamasına formal yanaşılmamalı, işin bütün halları, tərəflərin münasibətlərindəki əhəmiyyətli məqamlar diqqətə alınaraq məsələyə hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin qeyd edilən maddəsinə formal əsaslanmaqla arvadın (ərin) vərəsəlik hüququndan məhrum edilməsi vərəsəlik və ailə hüquqlarının ümumi prinsiplərinə uyğun olmazdı.

Mülki Məcəllənin 1164-cü maddəsində istifadə olunan “nikaha faktiki xitam verildiyi” ifadəsi isə mirasın açılmasından əvvəlki üç il ərzində tərəflərin məhz ailə-nikah münasibətlərində olmaq istəməmələri səbəbi ilə ayrı yaşamalarını, birgə təsərrüfat aparmamalarını nəzərdə tutur. Bu zaman nikah hüquqi cəhətdən pozulmasa da, nikahın pozulması müvafiq orqanda qeydə alınmasa da nikah real olaraq sonlanmış olur.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bununla bağlı qeyd etmişdir ki, nikah münasibətləri nikaha girən şəxslər üçün xüsusi status yaradır. Nikahda olan ər-arvadın bilərəkdən və şüurlu surətdə girdikləri münasibətin doğurduğu hüquqi nəticələr bu növ qarşılıqlı münasibətləri digər birgəyaşayış növlərindən fərqləndirir. Ər-arvadın qarşılıqlı münasibətlərində vacib məsələ qarşılıqlı öhdəliklərin mövcudluğudur. Tərəflərin münasibətlərinin uzunmüddətli olmasına baxmayaraq, onlar arasında məcburi hüquqi qüvvəyə malik olan qarşılıqlı öhdəliklərin olmaması onların birgə yaşayışını ərlə arvadın birgə yaşayışından tamamilə fərqləndirir (Börden Birləşmiş Krallığa qarşı iş üzrə 2008-ci il 29 aprel tarixli Qərar).

Qanunvericilikdə nəzərdə tutulmuş üç il müddət isə tərəflərin nikah münasibətlərinə faktiki xitam verilməsi qərarında israrlı olduqlarını, ailə münasibətlərini bərpa etmək istəklərinin olmamasını dəqiqləşdirmək üçün müəyyən edilmiş müddətdir.

Azərbaycan Respublikasının

Vəkillər Kollegiyasının üzvü,

vəkil Vüqar Cavadov  

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir