Nikahın pozulması zamanı əmlak tələbi, ümumi birgə əmlak, əmlakın bölünməsi və əmlak tələbi üzrə iddia müddəti.

Nikahın pozulması zamanı ən önəmli olan məsələlərdən biri də əmlak mübahisəsidir. Qanunvericilikdə ər-arvadın əmlakının iki rejimi –

a) əmlakın qanuni rejimi,

b) mülkiyyətin müqavilə rejimi müəyyən edilmişdir.

Ailə Məcəlləsinin 31-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.

Ər-arvad arasında nikah müqaviləsi bağlandıqda, onların mülkiyyətinin müqavilə rejimi qüvvədə olur.

Nikah münasibətlərinə daxil olan şəxslərin nikahdan sonra əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən Ər-arvadın birgə mülkiyyətinə

  • onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri;
  • ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kommersiya təşkilatlarına qoyulmuş paylar, banklarda olan əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən Nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir yəni ər-arvadın hər birinin əmlakıdır.

Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər

Ər-arvadın birgə nikah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış və notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölünə bilər. Əmlak bölgüsü zamanı saziş bağlanmazsa və bölgü zamanı mübahisə yaranarsa ər-arvad ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bəzi hallarda yetkinlik yaşına çatmayan uşağın mənafeyini, ərin (arvadın) diqqətəlayiq mənafeyini, və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar nəzərə alınaraq ümumi əmlakdakı paylar bərabər bölünməyə də bilər.

Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən, məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında iddialar üzrə 3 illik iddia müddəti tətbiq olunur.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir